21.03.2019, 11:08- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son illər ərzində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə İran İslam Respublikasının Sərhəd Qoşunları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan-İran dövlət sərhədinin mühafizəsinin daha etibarlı təşkilinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrindən vətəndaşların və nəqliyyat vasitələrinin keçidinin təkmilləşdirilməsi, sərhəddə baş verən hadisələrin birgə araşdırılması, sərhəd pozma və qaçaqmalçılıq cəhdlərinə qarşı birgə mübarizə aparılması istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan və İran sərhəd mühafizə orqanlarının rəhbərlərinin son görüşündə Novruz bayramının birgə qarşılanması haqqında qərar qəbul olunmuşdur.

2019-cu ilin mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində “Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunmuşdur.   

Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət himnlərinin ifasından sonra nümayəndə heyətlərinin rəhbərləri Fəxri Qarovulların önündən keçmişlər. 

Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. 

Tədbir iştirakçılarını təbrik edən general-polkovnik E.Quliyev və general-mayor Q.Rzayi öz çıxışlarında milli-mənəvi dəyərlərə dərin bağlılığı, tarixi-mədəni keçmişə yüksək ehtiramı nümayiş etdirən, bolluq, bərəkət və barış rəmzi olan “Novruz” bayramı münasibətilə ən səmimi arzularını ifadə etmiş, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhədçilərinə müqəddəs sərhədlərin mühafizəsi üzrə şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar.  

Sonra Azərbaycan və İran sərhədçilərinin xidməti döyüş fəaliyyətinə həsr edilmiş sənədli filmlər nümayiş olunmuş və qarşılıqlı hədiyyələr təqdim edilmişdir. 

Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilmiş və atəşfəşanlıqla yekunlaşdırılmışdır. 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80