+
-
12.03.2019
12.03.2019, 11:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

2019-cu ilin 12 mart tarixində saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunmuş­dur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açmışlar.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində və­fat etmiş­dir. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçmışlar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilmişdir. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilmişdir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi,  6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunmuşdur.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar vermişdir. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşmüş, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunmuşdur.

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular  təltifləndirilmişlər.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw