Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
2018-ci ilin 6 dekabr tarixində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında sahildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilmişdir.
Sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınmış və 2 nəfər balıqçı xilas edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayonunun sakinləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi