28.11.2018, 10:45 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üçün Tədbirlər Planına uyğun olaraq müvafiq fəaliyyətlər uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-mayor A.Xəlilovun dəvəti ilə cari ilin 27 noyabr tarixində Rusiya Federasiyası Fe­de­ral Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Nəzarəti Depar­tamentinin rəisi general-polkovnik İqor Şmotkinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.

28 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik E.Quliyev tərəfindən Rusiya nümayəndə heyəti qəbul edilmişdir. Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin davam etdirilməsi, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında imzalanmış Sazişə uyğun olaraq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi iri­miqyaslı infrastruktur layihənin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Sa­mur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi aparılan ərazidə sərhəd qurumları tərəfindən etibarlı sərhəd nəzarətinin təmin edilməsi məsələləri üzrə qarşılıqlı əla­qə­ləndirmənin yüksək səviyyədə olması qeyd edilmiş, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin təkmilləşdiril­məsinin, vətən­daşların dövlət sərhədindən keçmə prosedurlarının daha da sadə­ləşdirilməsi ilə ya­naşı sərhəd təh­lükəsizliyinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.  

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sərhəd nəzarətinin təşkili və xüsusiyyətləri ilə tanış olmuş, sərhəd nəzarəti bölmələrinin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə  tətbiq olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçirmişlər.

Azərbaycan və Rusiya nümayəndələri müsbət təcrübə mübadiləsini aparmış, gələcək əlaqələrin perspektivlərini müzakirə etmiş və sərhəd nəzarəti bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80