+
-
07.11.2018
07.11.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məh­sul­ların, yüksək  texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiy­yət verilir.

Bu sahədə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respubli­kasının Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən Yük­sək Texnologiyalar Parkı ilə qarşılıqlı faydalı münasibətlər qurulmuş, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlə­rinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tət­biqi üzrə əməkdaşlığın inkişafı təmin edilmişdir.

2018-ci ilin 07 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında Dövlət Sərhəd Xidməti ilə Milli Elmlər Akademiyası arasında “Niyyət Sazişi”nin imzalanması mərasimi keçirilmişdir. Niyyət Sazişində AMEA-nın Yük­sək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sənədi imzalayan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçıları qarşısında çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizə­si­nin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhə­miyyət kəsb etməsini vurğulamış və birgə fəaliyyətin uğurlu da­vamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə etmişlər.

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw