18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müraciət edilməsi barədə Dövlət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məlumat daxil olmuşdur.
Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılmış və İİR gəmisi olan koordinatlara istiqamətləndirilmişdir.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR vətəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götürərək sürətlə sahilə doğru hərəkət etmişdir. İİR vətəndaşları “Nazmehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamasını bildirmişdir. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilmiş, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılmış və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilmişdir.
Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir.
Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürmüş və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılmışdır.
Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi