Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
2018-ci ilin 10 oktyabr tarixində daxil olan əməliyyat məlumatına əsasən, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunmuşdur.
Həmin tarixdə saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.
Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilmiş, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilmişdir.
Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilmiş, onların İran İslam Respublikası vətəndaşları - 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olmuşdur.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi