Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirilir.
2018-ci ilin sentyabr ayının 28-də DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində naməlum üzmə vasitəsi aşkar olunmuş və hərəkəti nəzarətdə saxlanılmışdır. DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi göstərişi verilmiş, eyni zamanda Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülmüşdür.
Aşkar olunmuş üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsini tərk etmişdir. Həmin üzmə vasitəsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat müşahidəsinə götürülmüş, 30 sentyabr tarixində 2 nəfər heyət üzvü ilə rejim sularına çıxmış “KƏ-226” bort nömrəli “Mariner-75” mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilmişdir. Həmin qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər etmiş, hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya tullanılmışdır.
Qayığın heyət üzvləri – Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şabanov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxlanılmış, qayığın manevr etdiyi koordinatlara baxış keçirilmiş və dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilmişdir.
İlkin araşdırma zamanı saxlanılan şəxslər həmin narkotik vasitələrin onlar tərəfindən götürülməsini və sahilə çıxarkən sərhədçilərin keçirdiyi yoxlama zamanı ifşa olunacaqlarından ehtiyat etdikləri üçün dənizə tullamalarını etiraf etmişlər.
Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi