+
-
14.09.2018
14.09.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nü­mayəndə heyətini qəbul etmişdir.

Dövlət Sərhəd Xidmətinin aparatında cənab Aviqdor Libermanın təntənəli qarşılanma mərasimi keçirilmişdir. Rəsmi protokola uyğun olaraq İsrail Dövlətinin rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazmışdır. 

Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan Respublikası və İsrail Döv­ləti arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğur­la həyata keçirilməsi xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulamış, son dövrdə Azərbaycan Respublikasının sərhəd mühafizə sisteminin təkmilləş­diril­məsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləş­dirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.  

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükə­sizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılmış, birgə  əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilmiş, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyi vurğu­lanmışdır.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw