+
-
08.09.2018
08.09.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıq­ların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin effektivliyinin dəyər­ləndirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilmiş, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliy­yətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrə­nilmiş, təklif və müraciətləri dinlənilmişdir.

Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilmiş, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sər­hədindən keçən şəxslərin hüquqlarının maksimal qorunması ilə bağlı verdiyi tapşırıq və göstə­rişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sər­həd və gömrük təhlükə­sizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edil­mə­sinin üsul və metodları haqqında geniş fikir mübadiləsi apa­rılmışdır.

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziy­yət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qar­şılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxs­lə­rin məruzələri dinlənilmişdir.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxs­lər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunmuşdur.

Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilmiş, cari ilin noyabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaş­dı­rıl­ması məqsədilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sın­dakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar rayo­nunun icra hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunmuş və qısa müddət ərzində həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.   

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw