05.09.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

2018-ci ilin sentyabr ayının 3-də saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində “Niva” markalı AZ 43-BC-686 nöm­rəli dövlət nömrə nişanlı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunmuş, avtomobildə olan 3 nəfər naməlum şəx­sin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtar­ması və əlində dolu kisə ilə qayıtması şübhə doğurmuşdur.  

Qeyd edilən şəxslərin yaxalanması barədə qərar verilmiş, sərhədçilərin “Dayan” komandasını eşidərək qaçmağa cəhd edərkən havaya xəbərdarlıq atə­şi açıldıqdan sonra saxlanılmışlar. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 ədəd metadon həbi aşkar olunmuşdur.

Saxlanılmış vətəndaşların şəxsiyyəti müəyyən edilmiş, onların Lənkəran rayon sakini 1984-cü il təvəllüdlü Əliyev Xaliq Bayram oğlu, Lerik rayon sakinləri 1979-cu il təvəllüdlü Bayramov Fuad Həsənağa oğlu və 1982-ci il təvəllüdlü Xosurov Rüfət Rizvan oğlu olmaları məlum olmuşdur.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80