Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir.
01 avqust 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınmışdır.
Hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş vermişdir. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunmuş və nəzarətə götürülmüşdür.
Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlamış, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçmişlər.
Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunmuşdur.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi