28 iyul 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Gənc sərhədçilər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilmişdir. Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd etmişdir. Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yerinə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanmış, Vətən torpağının astanasında – dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması qeyd edilmişdir.
General-polkovnik Elçin Quliyev Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışdır.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşmüş, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini və səmərəli olmasını bildirmiş, oğullarının hərbi andı qəbul edərkən keçiridikləri qürur hissləri münasibətilə hər bir valideyni təbrik etmişdir.
28 iyul 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz və Lənkəran sərhəd dəstələrində də gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi