23.04.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

         Ölkəmizin hər yerində olduğu kimi Dövlət Sərhəd Xidmətində də xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təntənəli tədbirlər keçirilir. Yubiley münasibəti ilə təsdiq olunmuş tədbirlər planına əsasən sərhədçi hərbi qulluqçuların Heydər Əliyev Fonduna və Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları təşkil olunur, hərbi hissələrdə elmi-praktiki konfranslar, tematik gecələr, disputlar, idman yarışları keçirilir, Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

          Aprel ayının 12-də Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində yubiley münasibəti ilə konfrans keçirilmişdir. Təntənəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev giriş sözü ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, bəşər tarixi müxtəlif liderlik nümunələri ilə zəngindir. Lakin bütün dövrlər üçün və bütün xalqın lideri olmaq siyasət tarixinin unikal hadisələrindəndir. Xalqımızın böyük oğlu Heydər Əliyev məhz bu cür siyasi fenomenə aid olan liderdir. Dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi  uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik  arzusuna çatmasına nail olmuşdur. Heydər Əliyevin parlaq fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

          Sonra hərbi hissə komandiri polkovnik-leytenant Elşən Mirzəyev, millət vəkili Aydın Mirzəzadə, Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, Lənkəran Dövlət Universitetinin müəllimi Kamal Mahmudov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmışlar. Konfransda qeyd olunmuşdur ki, müasir dövrümüzdə ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafı Dahi Öndərin adı ilə bağlı olmasın. Dünya şöhrətli siyasi xadimin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir.

          Xüsusi olaraq vurğulanmışdır ki, uzaqgörən sərkərdə imzaladığı fərman və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

          Təntənəli tədbir rejissor V.Mustafayevin Dahi Öndərə həsr etdiyi “General” sənədli filminin nümayişi ilə başa çatmışdır.

  • 80
  • 80
  • 80
  • 80
  • 80