Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində müasir şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün respublika rəhbərliyi tərəfindən bütün lazımi şəraitin yaradılması və bu sahənin inkişafına xüsusi önəm verilməsi nəticəsində mümkün olmuşdur.
Sərhədlərin mühafizəsi işinin səviyyəsi birbaşa şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən asılıdır. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında valideynlərin rolunun artırılması məqsədilə hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılmasına böyük önəm verilir. Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə çağrılan hər bir əsgərin valideyninə məktublar göndərilir, onlarla daimi əlaqələrin saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin sırasında hərbi hissələrdə və sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsini xüsusilə qeyd etmək olar.
Belə tədbirlərdən biri də aprel ayının 7-də Horadiz Sərhəd Dəstəsinin Füzuli rayonundakı Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasında keçirilmişdir. Sərhəd zastavasında xidmət edən əsgərlərin valideynlərinin, Bala Bəhmənli kəndinin icra və bələdiyyə nümayəndələrinin, sərhədçi veteranların iştirakı ilə keçirilən tədbirdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissə və sərhəd zastavası barədə ümumi məlumatlar verilmişdir. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.
Tədbirin rəsmi hissəsində Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Məhəmməd Abbasquliyev hərbi hissə komandiri tərəfindən qarşılandıqdan sonra Horadiz Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Zaur Zeynalov çıxış edərək keçirilən tədbirin məqsədi barədə məlumat vermişdir.Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən foto-slayd nümayiş etdirilmişdir.
Sərhəd zastavasının rəisi mayor Vidadi Musayev əldə olunmuş müsbət nəticələr, şəxsi heyətlə işin təşkili və hərbi intizamın vəziyyəti barədə məruzə etmişdir. Sərhədçi veteran, erməni işğalçılarına qarşı döyüşlərin iştirakçısı, uzun müddət Horadiz Sərhəd Dəstəsində xidmət etmiş Atəş Həsənov, sərhədçi əsgərlər çıxış etmişlər. Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirmiş, sərhədçi əsgərlərə öz tövsiyələrini vermişlər.
Sonra Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Məhəmməd Abbasquliyev çıxış etmişdir. Dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmışdır. Övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçuların həvəsləndirilməsi barədə hərbi hissə komandirinin əmri oxunmuş, fərqlənmiş hərbi qulluqçulara “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilmişdir. Fərqlənmiş hərbi qulluqçuların valideynlərinə “Тəşəkkür məktubları” təqdim edilmişdir.
Sonra qonaqlar şəxsi heyətlə birgə nahar etmiş, hərbi hissənin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramına baxmışlar.