+
-
25.06.2018
25.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin iyun ayının 24-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Petro Siqikalın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər etmişdir.

Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmo­loq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və tər güllər qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilmiş və yüksələn xətlə inkişaf etdiyi xüsusilə vurğulanmış, gələcək inkişaf perspektivləri, habelə Azərbaycan-Ukrayna arasında beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-leqal dövriyyəsi, SMBK, BMT, Aİ, FRONTEX, GUAM təşkilatları çərçivəsində əməkdşlığın davam etdirilməsi kimi məsələlər müzakirə edilmişdir.

Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliy­yat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazi­sinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanmış, həmiçinin DSX-da həyata keçirilən islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilmişdir.

Ukrayna nümayədə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilmişdir.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “AR Dövlət Sərhəd Xidməti ilə Ukrayna Dövlət Sərhəd Xidməti arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi Planı” imzalanmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw