+
-
09.04.2013
09.04.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Dövlət Sərhəd Xidmətinin Akademiyasında dünya şöhrətli alim, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibəti ilə tədbir keçiril­mişdir.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev istedadlı alim, bacarıqlı pedaqoq, kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə açıq elan etmişdir. Tədbirdə Akademik Zərifə Əliyeva adına Oftalmologiya Мərkəzinin şöbə müdiri, tibb elmləri namizədi Aytən Sultanova, millət vəkili Məlahət Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Zərifə Əziz qızı Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat vermişlər.

Çıxış edənlər qeyd etmişlər ki, bütün yüksək elmi titullarına, uzun illər boyu cəmiyyətdə daşıdığı yüksək statusa baxmayaraq, Zərifə xanım elm üçün gözəl tədqiqatçı, Ulu Öndər Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə, bu çevrədən kənardakı şəxslər üçünsə əsl insanlıq mücəssəməsi olmuşdur.

Tədbirdə qeyd edilmişdir ki, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskva şəhərində oftalmologiya üzrə Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunda təhsilini davam etdirən Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. O, 1949-cu ildən 1967-ci ilə qədər bu institutda işləmişdir. Zərifə xanımın həkimlik fəaliyyətinin ilkin mərhələsi elə bir dövrə təsadüf etmişdir ki, həmin illərdə traxoma infeksion xəstəliyi Azərbaycanda da geniş yayılmış, gözü zədələyən və əksər hallarda ağır nəticəyə, hətta tam korluğa səbəb olan bu xəstəliklə mübarizə işinin düzgün təşkili respublikamızda ən vacib məsələlərdən birinə çevrilmişdir. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktiki tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir.

Zərifə xanım Əliyeva doktorluq dissertasiyasını dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində- Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə- görmə orqanının peşə patalogiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.

Zərifə xanımın 150-dən artıq elmi əsəri, 10 monoqrafiyası çapdan çıxmış, görkəmli  alim məşğul olduğu elm sahəsində 12 səmərəli təklif irəli sürmüşdür.

Tədbirdə vurğulanmışdır ki, sözün yüksək anlamında əsl insan olan Zərifə xanımın xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulacaqdır.

Tədbirin sonunda rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında filmlər silsiləsindən “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilmişdir.   

 

f tw