+
-
31.05.2018
31.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

30 may 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınmışdır.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Həmin tarixdə Cə­li­labad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olun­muşdur. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” ko­man­dasına qal­dı­rılmış, hadisə yerində nəzarət iz zolağında İran İslam Respub­lika­sın­dan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəx­sin ayaq izləri aşkar olunmuşdur.

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun təd­bir­ləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılmışdır. Sərhəd pozu­cusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilmişdir.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw