Müqəddəs və yenilməz dövlət bayrağımız altında Azərbaycan sərhəd mühafizəsini təmin etməkdən şərəf duyan Azərbaycan sərhədçiləri Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyini və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli surətdə qeyd edirlər.
Hər bir Azərbaycan sərhədçisi milli dövlətçilik salnaməsinin başlanğıc nöqtəsi olan dövlət sərhədlərinin yaranması və mühafizəsi tarixinin iştirakçısı, Dahi Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının daşıyıcısı olması ilə fəxr edir.
Müstəqillik dövründə dövlət bayrağımızın Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə 22 avqust 1992-ci il tarixdə Naxçıvan sərhəd dəstəsində, Dahi Öndər Heydər Əliyevin iştirakı ilə qaldırılması Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən şərəfli səhifələrindən biri olmaqla bərabər hər bir sərhədçinin üzərinə əlavə məsuliyyət qoyur.
Dahi Öndər Heydər Əliyevin əmri ilə dövlət sərhədində əbədi ucaldılmış, şərəf, şücaət və şöhrət rəmzimiz olan milli üçrəngli dövlət bayrağımız altında xidmət aparmaq Dövlət Sərhəd Xidmətinin hər bir əməkdaşı üçün böyük qürur mənbəyidir.
27 may 2018-ci il tarixdə Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Dahi Öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə etmiş, torpaqlarımızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağımızı yüksəltməyə hər an hazır olmalarını bildirmişlər.
Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvərliyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi