+
-
16.05.2018
16.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq may ayının 15-də Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə: mənəvi və hüquqi müstəvidə” mövzusunda seminar keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin törətdiyi fəsadlar geniş izah olunmuş, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­larımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş və bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikultura­lizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunmuşdur.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw