+
-
05.05.2018
05.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. May ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının üzvləri, Qarabağ Müharibəsi veteranları iştirak etmişlər.

Tədbirdə çıxış edənlər faşizm üzərində qələbənin əldə edilməsinə Azərbaycan xalqının çox böyük tövhələr verməsini, 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən çox insanın müharibədə iştirak etməsini, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasını, göstərdikləri igidliyə görə 123 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına və 170 min nəfərinin müxtəlif orden və medallara layiq görülməsini qeyd edərək azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadə­tindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışmışlar. Respublikamızda faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.

Yaxın zamanlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi və Ali Baş Komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən erməni faşistlərinə layiqli cavab veriləcəyinə, dövlətimizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirdə çıxış edən Qarabağ Müharibəsi veteranları Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan ətraflı danışmış, müharibə xatirə­lərini bölüş­müşlər. Veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamə­tində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyi, xalqımızın Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətin gələcək nəsillərə örnək olduğu bildirilmişdir.

Tədbirdə iştirak edən veteranlara hədiyyələr təqdim olunmuş və xatirə şəkili çəkilmişdir. Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

f tw