Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
2018-ci ilin 24 aprel tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 1 nəfər xarici vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.
Dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunmuş və hərəkətləri nəzarətdə saxlanılmışdır.
Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasından keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilmiş, onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oglı olması müəyyən edilmişdir.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi