30.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

        

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 31 mart -Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilmişdir.

Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım muzeyində keçirilən tədbirlərdə vurğulanmışdır ki, Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük ermənistan dövləti” yaratmaq olmuşdur. Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki ilə yeridilən bu siyasətin əsas məqsədi tarixi faktları və arxiv sənədlərini saxtalaşdırmaqla, dezinformasiya xarakterli məlumatlar yaymaq və psixoloji-informasiya metodlarından istifadə edərək dünya ictimai fikrinə təsir etməkdən ibarət olmuşdur. Məqsədlərinə nail olmaq üçün erməni millətçiləri ayrı-ayrı ölkələrin ərazilərində erməni diasporunun və lobbisinin imkanlarından geniş istifadə edərək ideoloji, separatçı və terrorçu təşkilatlar yaratmışlar.

Tədbirlərdə çıxış edənlər bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə verilən əsl tarixi qiymət idi.

Azərbaycanlıların Soyqırımı Gününün məhz bu tarixdə qeyd edilməsi səbəbsiz deyildir. 1918-ci ilin mart ayının son iki günündə erməni-rus birləşmələri gəmilərdən və təyyarələrdən Bakının müsəlmanlar yaşayan hissələrini bombardman etmiş, silahlı daşnaklar evlərə soxularaq 17 minə qədər dinc azərbaycanlını, o cümlədən qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirmişlər. Bakı qırğını ilə kifayətlənməyən ermənilər Naxçıvanda, Şamaxıda, Lənkəranda, Quba-Xaçmazda, Ağsuda dəhşətli qətllər törətmiş, yüzlərlə kəndi darmadağın etmişlər. 

Ermənilər tərəfindən törədilmiş çoxsaylı soyqırım hadisələrinin mərhələlərlə şərh olunduğu tədbirlərdə vurğulanmışdır ki, bu vəhşiliklərin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs Ulu Öndər Heydər Əliyev tərəfindən edilmişdir. Azərbay­can Res­pub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən erməni şovinistləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilat­larımız qarşısında vacib məsələ kimi qoymuşdur.

Tədbirlərdə 31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.

 

                                         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

 

 

 

  • 80
  • 80
  • 80
  • 80