19.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınmışdır.

Belə ki, həmin tarixdə saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərmiş, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılmışdır. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunmuşdur.

Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilmişdir.

Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilmiş və barələrində axtarış elan olunmuşdur. 19 mart tarixində həmin şəxslərdən biri – Füzuli rayonu Böyük Bəhmənli kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80