+
-
26.02.2018
26.02.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinə ən qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımının 26-cı  ildönü­mü­ ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində keçirilən tədbirlərdə çıxış edənlər XX əsrin 80-ci illərindən başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə apardıqları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırım aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndirmişlər.  Bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 1275 nəfərin isə əsr və girov götürülməsi bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanmışdır.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi,  soyqırım qurbanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunmuşdur.

Soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırım nəticəsində həlak olanların xatirə­sinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırıl­ması məqsədilə görülən işlər barədə tədbir iştirakçlarına ətraflı məlumat verilmişdir. 

Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw