+
-
20.02.2018
20.02.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Son günlərdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İİR ərazisinə keç­mək cəhdinin, 1 halda külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınmışdır. Belə ki:

-      17 fevral tarixində Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbay­candan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunmuş, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılmışdır. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilmiş, onlardan 4 nəfər qa­dının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilmişdir.

-      17 fevral tarixində Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran isti­qamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Öz­bəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxla­nılmışdır.

-      16 və 17 fevral tarixlərində DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamə­tində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarıl­ması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sət­hin­də və kolluqlarda 39 qutuda 470 ədəd əksəriy­yəti 1 litrlik şüşə qablarda alko­qol içkiləri aşkar olunaraq götürül­müş­dür.

Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmış­dır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw