+
-
11.12.2017
11.12.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Aparatında müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olmuşlar.

Əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar.  

Dahi Öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın Sərhəd Mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

                                      

                             

                                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw