+
-
05.12.2017
05.12.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2017-ci ilin dekabr ayının 2-4 tarixlərində İran İslam Respub­lika­sının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rza­yinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər etmişdir.

Səfər çərçivəsində general-mayor Qasım Rza­yi və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-pol­kovnik Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirilmişdir.

Görüşlər zamanı Azərbaycan Respublikası və İran İslam Res­publikasının dövlət başçıları arasında keçirilmiş görüşlərdə qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etməsi vurğulanmış, ölkələrimiz arasındakı tarixi, dini, mədəni, iqtisadi münasibətlərin gün­dən-günə inkişaf edərək möhkəmlənməsi, sərhəd qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olması ifadə olun­muşdur.

Müzakirələr zamanı dövlət sərhədində, dövlət sərhədindən bu­ra­­xılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmışdır. Sər­həd təhlükəsizliyinə təhdidlərə, o cüm­lədən beynəlxalq terror­çuluğa, narkotik vasitələrin qanunsuz dövriyyə­sinə, qaçaqmalçılığa, qeyri-le­qal miqrasiyaya və digər transsərhəd cinayət­lərə qarşı birgə müba­rizənin aparılmasının vacibliyi qeyd edilmişdir.

Ermənistan tərəfindən 20% torpaqlarımızın işğalı nəticə­sində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatçılıq doğurması İran tərəfinin diqqətinə çat­dırılmışdır.

Azərbaycan Respublikası və İran İslam Respublikası üçün mü­hüm iqtisadi əhəmiyyət kəsb edən “Şimal-Cənub” nəqliyyat dəhli­zinin tərkib hissəsi kimi “Astara” dəmir yolu buraxılış məntəqəsinin fəaliy­yətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prose­durlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin güc­lən­dirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.   

Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədə uyğunluğu qeyd olunmuşdur.

Qarşılıqlı əməkdaşlığın müsbət göstəricisi kimi nümayəndə heyətləri tərəfindən əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhə­dindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcminin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanmışdır.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw