+
-
16.11.2017
16.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

2017-ci ilin noyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınmışdır.

Həmin tarixdə Astara rayonu istiqamətində xidmət aparan Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunmuş və üzmə vasitəsinin saxlanılması üzrə tədbirlər görülmüşdür.

Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanlmış, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilmişdir.

Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunmuşdur.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw