09.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Avropanın Sərhəd və Sahil Mühafizə Agentliyinin (Frontex) icraçı direktoru Fabris Leggerinin dəvəti ilə cari ilin 07-08 noyabr tarixlərində Polşanın Varşava şəhərində keçirilmiş Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın 23-cü iclasında iştirak etmişdir.  

Dünyanın 60 ölkəsindən sərhəd mühafizə qurumlarının rəhbərlərinin qatıldığı tədbirdə sərhəd təhlükəsizliyinə olan təhdid və çağırışlar,  terrorizmlə mübarizəyə xüsusi diqqət yetirməklə təhlükəsizlik hədələrinin dəf olunması, sərhədlərin idarəedilməsi üzrə situasiya monitorinqi, intellektual sərhədlər üçün informasiya sistemləri, sərhəd mühafizəsi imkanlarının gücləndirilməsi mövzularına dair fikir mübadiləsi aparılmışdır.

İclas çərçivəsində nümayəndə heyətləri Frontex Agentliyinin struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanış edilmişlər. 

Səfər zamanı Frontex Agentliyinin icraçı direktoru Fabris Leggeri ilə keçirilmiş ikitərəfli görüşdə birgə layihələr çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunmuş, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilmişdir.

Avstriya, Gürcüstan, İndoneziya, İsveçrə, Latviya, Litva, Mərakeş, Səudiyyə Ərəbistanı Krallığı, Ukrayna və digər nümayəndə heyətləri ilə  görüşlərdə qurumlararası əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi