+
-
02.10.2017
02.10.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik  vasitələrin, psixotrop maddə­lərin qanunsuz dövriyyəsinə və digər növ qaçaqmalçılığa qarşı fəaliyyət­lərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

22.09.2017-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu  Biləsuvar-Salyan şosse yolu kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd  “T-Dol 200” marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaş­mağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfin­dən saxlanılmışdır.

23.09.2017-ci il tarixdə Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycan Respublika­sına dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif  formalı  pirotexniki vasitənin keçirilməsinin qarşısı alınmışdır. Çəllək­lərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülmüşdür. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçmışlar.

25.09.2017-ci il tarixdə Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İran İslam Respublikasından Azərbaycan Respub­likasına dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloq­­ram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınmış, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçmışlar.

Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                       Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw