+
-
25.09.2017
25.09.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sentyabr ayının 24-də Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilmişdir.

Hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunmuşdur ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşmışdır. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçi adını daim uca tutacaqlarına söz vermişlər.

Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirmiş, gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulamışlar.

                                          Dövlət Sərhəd  Xidmətinin mətbuat mərkəzi

f tw