15.08.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin 11 sent­yabr 2013-cü il  tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azər­bay­can Respublikasının dəniz təhlükə­sizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mü­hafizəsi, Xəzər dənizi­nin Azərbaycan Respublikasına mənsub böl­məsində təhdid­lərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkan­lardan istifadə et­məklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanıl­ması isti­qa­mətində zəruri tədbirləri davam etdirməkdə­dir.

2017-ci il 12-14 avqust tarixlərində Xəzər dənizinin Azərbaycan Respub­likasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliy­yatları keçirməklə terror­çu qrupların zərərsizləş­dirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması mövzu­sun­da taktiki təlim keçirilmişdir.

Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Ilham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmişdir. Itisürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıq­larla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdir­mişlər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə  sərhəd axtarı­şının aparıl­ması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğuların­dan atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olmuşdur.

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaş­dırıl­ması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleks­ləri və zenit-artilleriya qurğu­ların­­­dan suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilmişdir.

Təlimdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdir­mişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər də­nizin­də dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin, döyüş hazırlığının daha da yüksəldilmə­si­nin, neft-qaz hasilatı və daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilmə­sinin Dövlət Sərhəd Xidmə­tinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­dirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırılması üzrə tapşırıqlar vermişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80