17.12.2012- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

14 dekabr 2012-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2012-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.

2012-ci il Azərbaycan Sərhəd Mühafizəsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş xüsusi tapşırıqların icrası, dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində tədbirlərin ardıcıl davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində geniş miqyaslı tikinti-quruculuq işləri, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olmuşdur.

Bu nailiyyətlərin əldə olunması Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradılması və bu sahənin inkişafına xüsusi önəm verilməsi nəticəsində mümkün olmuşdur.

2012-ci ildə Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyəti üçün аşağıdakı əsas hadisələr xüsusilə əhəmiyyətli olmuşdur:

- Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd Diviziyasının Culfa sərhəd komendantlığının açılışında iştirak etməsi, iyul ayının 31-də Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin yeni inşa olunmuş qarnizonuna və oktyabr ayının 7-də Yevlax şəhərində yeni hərbi hissəyə baxış keçirməsi və müvafiq tapşırıqlar verməsi;

- avqust ayının 14-də DSX-nin hərbi qulluqçularını orden və medallarla təltifləndirməsi, 3 əməkdaşa ali zabit hərbi rütbəsinin verilməsi;

- Bakı şəhəri Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra Dövlət Sərhəd Xidmətinin balansına verilmiş Xüsusi Məktəbin fəaliyyətə başlaması;

- Dövlət Sərhəd Xidmətinin xüsusi tapşırıqlarının icrası üzrə müvafiq silah və texnikaların ölkəyə gətirilməsinə və yerləşdirilməsinə başlanılması.

Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunmuşdur. 420 binadan ibarət 41 tikinti kompleksinin, o cümlədən 10 yeni hərbi hissə kompleksinin əsaslı təmir-tikintisi həyata keçirilmişdir. Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1226 mənzilinin inşası üzrə tədbirlər həyata keçirilmişdir. Dövlət sərhədindən keçən şəxslər barədə məlumatların İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində videogörüntü imkanları genişləndirilmiş, o cümlədən bütün dövlət sərhədindən keçid məntəqələrində sərhədindən keçən şəxslər barədə məlumatlar mərkəzləşdirilmişdir. DSX-nin xüsusi bölmələri üçün yüksək manevrli və keçid qabiliyyəti nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, özəl müdafiə vasitələri alınmışdır.

Dövlət Sərhəd Xidməti Akademiyasının ilk buraxılışının həyata keçirilməsi, gənc leytenantların Azərbaycan Respublikasının Dövlət Bayrağı meydanında sərhədçi zabit andını içmələri və xidmət yerinə yola salınmaları, DSX Akademiyasının tərkibində yeni kafedraların fəaliyyətə başlaması, ilk dəfə olaraq “mexanika mühəndisliyi” ixtisası üzrə qəbulunun keçirilməsi cari ilin uğurlarındandır.

Bu il Dövlət Sərhəd Xidmətinin 2 yeni hərbi hissəsi xidməti-döyüş fəaliyyətinə başlamış, zəruri təşkilati-texniki tədbirlər həyata keçirilmişdir.

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan vətəndaşı və 2 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülmüşdür. Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 10 nəfər şəxs saxlanılmışdır. MTN ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Evrovision-2012” mahnı müsabiqəsi ərəfəsində ölkə ərazisində terror aksiyası törətmək niyyətində olan 3 nəfər Azərbaycan vətəndaşı tutulmuşdur. Qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması sahəsində önəmli nailiyyətlər əldə olunmuşdur. Xəzər dənizində müşahidə və aşkaretmə imkanları əhəmiyyətli dərəcədə artırılmışdır. 11-17 aprel 2012-ci il tarixlərdə Sahil Mühafizəsinin bütün üzmə vasitələri cəlb olunmaqla 9 mövzudan ibarət 3 mərhələdə keçirilmiş geniş miqyasli taktiki təlimlərdə yüksək döyüş hazırlığı nümayiş etdirilmişdir.

Avropa İttifaqı, NATO, BMQT, BMTQAK, Şiofok Konfransı, GUAM, ATƏT kimi beynəlxalq təşkilatlar və Rusiya Federsiyası, İran, Gürcüstan, Almaniya, Fransa, Türkiyə, Ukrayna, Belarusiya, Baltikyanı dövlətlər, Çin, Cənubi Koreya sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilib, o cümlədən “Frontex” beynəlxalq sərhəd agentliyi, Türkiyə, Gürcüstan, İtaliya, İsveçrə, Tacikistanın sərhəd mühafizəsi qurumları ilə ikitərəfli beynəlxalq normativ-hüquqi sanədlər hazırlanmışdır.

Dövlət sərhədinin müqəddəsliyinin və sərhədçi xidmətinin təbliğ edilməsi məqsədilə müxtəlif sənədli və tədris filmləri, verilişlər nümayiş etdirilmiş, xidməti fəaliyyətin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması təmin olunmuş, şəxsi heyətlə hazırlıq tədbirləri gücləndirilmişdir.

Dövlət Sərhəd Xidmətinin peşəkar heyətlə komplektləşdirilməsi üçün sərhəd zastavasının qrup komandirlərinin, miqrasiya və sahil mühafizəsinin kiçik mütəxəssislərin hazırlığı kurslarının sayı artırılmış, sərhəd dəstələrinin çevik hərəkət bölmələrinin zabit və gizir heyəti ilə komplektləşmə səviyyəsi yüksədilmişdir.

Hesabat ilində Dövlət Sərhəd Xidmətinin rəsmi saytı fəaliyyətə başlamışdır.

“Sərhədçi” Idman Olimpiya Mərkəzində müxtəlif miqyaslı idman yarışları təşkil edilmiş, idman və təlim bazası genişləndirilmiş, sərhədçi idmançılar respublika, Avropa və dünya miqyaslı yarışlarda 49 qızıl, 37 gümüş, 43 bürünc medal, o cümlədən sərhədçi idmançımız Natali Pronina Paraolimpiya oyunlarında üzgüçülük üzrə 1 qızıl, 4 gümüş medal qazanmışdır.

Ölkə ərazisinin 20%-ə qədər hissəsinin, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 km-nin və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 km-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, müqabil ölkənin xüsusi xidmət orqanlarının sərhəddən kəşfiyyat-təxribat fəaliyyətlərinin davam etməsi, üçüncü ölkə vətəndaşlarının ərazimizdən tranzit istifadə etməklə Qərbi Avropa ölkələrinə getmə cəhdləri, ölkə ərazisindən narkotik maddələrin tranziti üçün istifadə cəhdləri, qaçaqmalçılıq və digər məqsədlərlə dövlət sərhədinin pozulması, saxta sənədlərdən istifadə etməklə dövlət sərhədindən keçmə cəhdləri, İran İslam Respublikasında və Şimali Qafqazda əməliyyat şəraitinin gərgin olaraq qalması, dəniz sərhədlərində mövcud gərginlik, xidmətdə olan sərhəd naryadlarına qarşı təzyiqlər, silahlı müqavimət göstərilməsi, müqabil ölkələrin həmsərhəd rayonlarında sərhəd poszucularına köməklik göstərən mütəşəkkil bələdçi qrupların fəaliyyəti hesabat dövründə dövlət sərhədinin mühafizəsinə təsir göstərən əsas amillər olmuşdur.

2012-ci ildə dövlət sərhıdini pozduqlarına görə 615 nəfər, sərhəd rejimini pozduqlarına görə 12 min 11 nəfər saxlanılmışdır.

İl ərzində tutulan sərhəd pozucularının 25,1% Azərbaycandan müqabil ölkələrə keçərkən, 74,9% müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılmışdır.

Sərhəd pozucularının 63,7% Azərbaycan, 9,4% Özbəkistan, 5,7% İran, 5,7% Gürcüstan, 2,8% Əfqanıstan, 2,8% Nigeriya, 2,6% Moldova, 1,8% Rusiya, 1,5% Türkiyə, 1,3% Pakistan, 2,7% digər ölkə vətəndaşları olmuşlar.

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 10 halda odlu silahdan istifadə olunmuş, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimatlara uyğun olaraq silah tətbiq edilərkən 1 İİR vətəndaşı yaralanmış, 1 İİR vətəndaşı vəfat etmişdir.

İl ərzində 427 nəfər saxta, 21 nəfər özgəsinin sənədi ilə və 24 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır. Hesabat dövründə axtarışda olan 1896 nəfər tutulmuşdur.

2012-ci il ərzində təqribi məbləği 7 milyon 856,9 min manat dəyərində qaçaqmal tutulmuşdur.

Hesabat dövründə 250 kq 336 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Narkotik maddələrin 26 kq 132 qramı heroin, 101 kq 888 qramı tiryək, 108 kq 158 qramı həşiş, 7 kq 517 qramı narkotik həb, 6 kq 590 qramı marixuana və s. Olmuşdur. Il ərzində ümumi çəkisi 18,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.

2012-ci il ərzində dövlət sərhədində aşkar edilmiş qaçaqmal əsasən aşağıdakılardan ibarət olmuşdur: 3 milyon 876 min manat dəyərində valyuta, 3 ədəd avtomat silah, 1549 ədəd döyüş patronu, 8 ədəd tapança, 48 ədəd pnevmatik tapança, 3 ədəd pnevmatik tüfəng, 3 ədəd gecəgörmə cihazı, 12,8 kq barıt, 22521 qutu siqaret, 56 kq zinyət əşyaları, 4981 ədəd spirtli içki, 39 ədəd qayıq, 15 ədəd qayıq mühərriki, 324 ədəd dinimizə uyğun olmayan kitablar, 4559 ədəd mobil telefon, 4232 ədəd mobil telefon aksessuarı və s.

Əməliyyat şəraitinin dəyişməsi ilə əlaqədar sərhəd dəstələri və sərhəd nəzarət məntəqələri 57 halda 177 gün dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsinə keçirilmişlər.

2012-ci il ərzində şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə mühüm diqqət yetirilmiş, hərbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədilə sərhəd dəstələrində və hərbi hissələrdə zəruri işlər aparılmışdır.

Döyüş hazırlığı zamanı həyəcan komandaları ilə məşğələlərə və praktiki atəşin keçirilməsinə daha çox üstünlük verilmiş, təmas xəttinə yaxın olan hərbi hissələr döyüş texnikası, müşahidə və mühafizə vasitələri ilə tam təmin edilmişdir.

2012-ci il ərzində Xəzər dənizində dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə, neft yataqlarının mühafizəsində mühüm vəzifələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən dövlət sərhədinin mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mərkəzi, cənub və şimal hissələrində - Çilov və Nargin adaları, “Neft daşları”, Neftçala, Lənkəran, Astara istiqamətlərində təşkil edilmişdir.

Hesabat dövründə DSX Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən 3 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 11 nəfər xilas edilmişdir.

Sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 80, RF-yə məxsus 18, İİR-yə məxsus 3, Türkmənistana məxsus 5 gəmiyə, Azərbaycan Respublikasına məxsus 539 kiçik həcmli motorlu qayığa baxış keçirilmişdir. AR-ə məxsus 18 gəmi, RF-yə məxsus 5 gəmi, İİR-ə məxsus 1 gəmi və AR-ə məxsus 250 qayıq barəsində zəruri tədbirlər görülmüşdür.

Keçirilmiş rejim tədbirləri zamanı dənizdə qurulmuş qanunsuz balıq ovlama vasitələri - 82455 metr tor və 22800 ədəd qarmaq yığılmışdır.

Hesabat müşavirəsinin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən hərbi hissələrin və struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmiş, 2013-cü ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltifləndirilmişlər.

  • 80
  • 80
  • 80
  • 80