+
-
07.12.2012
07.12.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Son günlərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən dənizdə bir sıra uğurlu xilasetmə əməliyyatları həyata keçirilmişdir.

Belə ki, dekabr ayının 2-də üç nəfər heyətlə dənizə balıq ovlamağa çıxmış qayığın geri qayıtmaması barədə saat 18:20 də alınmış məlumata əsasən təcili tədbirlər həyata keçirilmiş, mühərriki sıradan çıxmış qayığın yeri müəyyənləşdirilmiş və həyatları üçün təhlükə ilə üzləşərək dənizdə qalmış balıqçılar – Astara rayonunun Şahağacı kənd sakinləri Həsənov Rövşən Zahir oğlu, Həsənov Xudaverdi İbrahim oğlu və Süleymanov Vüqar Səfərəli oğlu qayıqları ilə birlikdə saat 22:50 radələrində sahilə çıxarılmışlar. Dekabr ayının 3-də Amburan burnundan şimal istiqamətdə sahildən 34 mil aralıda yanacağının tükənməsi səbəbindən dənizdə qalan balıqçı qayığındakı heyət üzvləri – Neftçala rayon sakinləri İsayev Taleh Таhir oğlu, İsayev Rahim Tahir oğlu və Əhmədov Ziyəddin Əbdüləli oğlu xilas edilmiş, qayıq yedəklənərək sahilə gətirilmişdir.

Qeyd olunmalıdır ki, son vaxtlar bu kimi halların sayı çoxalmışdır. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Dövlət Sərhəd Xidməti bildirir ki, dənizə təsərrüfat işləri ilə əlaqədar çıxan vətəndaşlar üzmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına, yanacaq ehtiyatına və sərfiyyatına, qayıq heyətinin fərdi xilasetmə vasitələrinin, rabitə avadanlığının və digər zəruri texniki vasitələrin mövcudluğuna xüsusi diqqət yetirməlidirlər. Qanunvericiliyin tələblərinə əməl etməyən, öz təhlükəsizliklərinin təmin olunmasına müvafiq şərait yaratmayan şəxslər müvafiq qaydada hüquqi məsuliyyətə cəlb olunacaqlar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw