30.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsində bioloji re­surs­ların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmər­lərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmal­çılığa qarşı mübarizə üzrə vəzifələrini layiqincə yerinə yetirməklə yanaşı, dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

29 iyun 2017-ci il tarixdə, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilmişdir. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunmuşlar.

Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilmiş, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi