+
-
20.06.2017
20.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınmışdır.

18 iyun 2017-ci il tarixdə saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kotüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ – 7 tipli tank əleyhinə əl qumbaraatanına məxsus mərmi aşkar edilmişdir.

Dərhal zəruri tədbirlər görülmüş, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılmışdır. Sərhədçilər tərəfindən qumbara mərmi­sinin  vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olmuşdur.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülmüş, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərəsizləşdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw