+
-
12.06.2017
12.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İyun ayının 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

Dövlət Himni oxunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı kursant və müəllim heyətinə çatdırılmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlan­ması, hərbi qulluqçuların peşə hazır­lığının təkmil­ləşdiril­məsi, elmi-təd­qiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilmişdir. Dövlət Sərhəd Xidmətinin Akademiyasında güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, peşəkar sərhədçi kadrların hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığı, Akademiyanın ötən müddət ərzində böyük inkişaf yolu keçərək beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanmışdır.

Çıxış edənlər Dövlət Sərhəd Xidməti Akademiyasının 10 illik yubiley mərasiminin həm də ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının qələbə təntənəsinin yaşandığı vaxta və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı 05 iyun 2017-ci ildə tarixi Fərmanların imzalandığı ərəfəyə təsadüf etməsini əlamətdar hal kimi qeyd etmişlər.

Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçular təltifləndirilmişdir.

Mərasimin sonunda şəxsi heyət orkestrin sədaları altında sıra addımları ilə tribuna önündən keçmiş və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin hazırladığı maraqlı konsert proqramı tədbir iştirakçılarına təqdim edilmişdir.

 

                                               Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw