+
-
06.06.2017
06.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

05 iyun 2017-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilmişdir.

Tədbirdə çıxış edənlər artıq tarixin yaddaşına qızıl hərflərlə həkk olunan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə başa çatması və ən çox qızıl medal əldə etməklə oyunlarda komanda hesabında birinci yerə layiq görülmüş Azərbaycan yığmasının uğurlu çıxışı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə oyunların Azərbaycan modelini yaratmışdır. Oyunların davam etdiyi 11 gün, həm açılış, həm də bağlanış mərasimləri Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, düşünülmüş siyasi strategiyasını və möhtəşəm tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirdi. 

Qalib idmançıların və onların məşqçilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandırılması böyük minnətdarlıq hissi ilə qeyd edilən tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının nəticəsində mümkün olduğu vurğulanmışdır.

Ölkə idmanına daima öz layiqli töhfələrini verən “Sərhədçi” idman klubunun üzvləri Azərbaycan yığma koman­dasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanmışlar. Belə ki, cüdo yarışlarında baş leytenant Nicat Şıxəlizadə, karate üzrə  leytenant Fəridə Abıyeva, paracüdo üzrə gizir Ramilə Kaştayeva  bütün rəqibləri üzərində qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olmuşlar.  Voleybol üzrə leytenant Emil Abdullayev, cüdo üzrə gizir Rüstəm Orucov gümüş, Yunan-Roma güləşi üzrə leytenant Rəsul Çunayev və üzgüçülük üzrə Fatimə Alkərəmova bürünc medal qazanmışlar. “Sərhədçi” idman olimpiya mərkəzinin rəis müavini, sərbəst güləş üzrə ölkəmizin yığma komandasının baş məşqçisi polkovnik-leytenant Firdovsi Umudovun yetirmələri 4 qızıl, 2 gümüş və 1 bürünc, “Sərhədçi” idman olimpiya mərkəzinin təlimatçısı, üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun yetirmələri isə 4 qızıl və 2 bürünc medal qazanmışlar. “Sərhədçi” idman olimpiya mərkəzinin üzgüçülük və su polosu üzrə təlimatçıları Rəşad Əliyev və Namiq Qasımov oyunlara hakim qismində qatılaraq yarışların ədalətli keçməsi üçün bilik və bacarıqlarını əsirgəməmişlər.

Öz qələbə sevinclərini bölüşən qalib idmançılar idmanın inkişafına göstərdiyi ali diqqət və qayğıya, idmançılar üçün yaradılmış ideal şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə, xalqımıza yeni idman qələbələri bəxş edəcəklərinə söz vermişlər. 

Görüşün sonunda IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etmiş sərhədçi idmançılar mükafatlandırılmışlar.

 

                                          Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw