+
-
19.11.2012
19.11.2012-Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

Horadiz Sərhəd dəstəsinin xidməti ərazisində yenidən inşa olunmuş “I Şahsevən” Sərhəd komendantlığı istifadəyə verilmişdir.

2012-ci il noyabr ayının 16-da Horadiz Sərhəd dəstəsinin xidməti ərazisində yenidən inşa olunmuş “I Şahsevən” sərhəd komendantlığının açılışı olmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev açılış mərasimində çıxış etmişdir. Çıxışda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin dövlət sərhədlərimizin mühafizəsinə xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, cənab Ali Baş Komandanın göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin bu gün dinamik inkişaf dövrünü yaşaması, açılışı edilən sərhəd komendantlığının yenidən inşa olunaraq xidməti istifadəyə verilməsinin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım olması qeyd olunmuşdur.

Hərbi hissə komandiri polkovnik-leytenant Z.Zeynalov çıxış edərək Horadiz sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyəti haqqında məruzə etmişdir. Bildirilmişdir ki, Horadiz sərhəd dəstəsi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 1992-ci il iyul ayının 1-də yaradılmışdır. 1992-ci ilin oktyabrında keçmiş Sovet İttifaqı Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları 42-ci sərhəd dəstəsi zastavalarının təhvil alınaraq Azərbaycan Respublikasının tabeliyinə keçirilməsi prosesinə başlanılmışdır. 1992-ci ilin noyabr ayının 1-də Azərbaycan Respublikasının tabeliyində yeni yaranmış Horadiz sərhəd dəstəsi Azərbaycan Respublikasının qonşu İran İslam Respublikası ilə Zəngilan, Cəbrayıl, Füzuli və Beyləqan rayonlarını əhatə etməklə, 196 km məsafədə dövlət sərhədinin mühafizəsini təşkil etməyə başlamışdır. Sərhəd dəstəsi 1993-cü ilin oktyabr ayından Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən sərhəd komendantlığının ərazisində fəaliyyət göstərmiş, 2005-ci ilin dekabr ayında sərhəd dəstəsinin Horadiz şəhərində inşa olunmuş yeni qarnizonunun açılış mərasimi keçirilmişdir.

Çıxışda sərhəd dəstəsinin şəxsi heyətinin erməni işğalçılarına qarşı döyüşlərdə yaxından iştirak etməsi, 1994-cü ilin yanvar ayında Füzuli rayonu istiqamətində erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqarı azad etmək məqsədi ilə keçirilən hücum əməliyyatlarında Füzuli rayonunun Böyük Bəhmənli, Yağlıvənd, Arayaltı, Babı, Kərimbəyli və Əhmədalılar, Qazaxlar kəndlərinin azad olunmasında sərhədçilərin fədakarlıq və qəhrəmanlıq nümunələri göstərmələri xüsusi vurğulanmış, həmin döyüşlərdə şəhid olmuş 27 sərhədçinin rəşadəti qeyd olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, bu gün sərhədçilərin xidmət etdiyi Füzuli və Beyləqan rayonlarında şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Cari ilin avqust ayında sərhəd dəstəsinin 5 sərhəd zastavası yenidən inşa olunaraq xidməti istifadəyə verilmişdir. Hazırda sərhəd dəstəsi qarnizonunda tikinti-təmir və inşaat işləri, hərbi hissədə 5 binadan ibarət 105 mənzilli yaşayış şəhərciyinin, hərbi xəstəxananın inşası həyata keçirilir.

Sərhəd dəstəsinin xidməti sahəsinin 132 km-lik hissəsinin nəzarətimizdən kənar olması və bu ərazilərdən müxtəlif kriminal məqsədlər, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrantların tranziti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat qaçaqmalçılığı və s. məqsədlərlə istifadə edilməsinin dövət sərhədlərinin mühafizəsinə ciddi təsir göstərən amillər olması qeyd edilmiş, sərhəd dəstəsinin şəxsi heyətinin işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşməyə, işğaldan azad ediləcək ərazilərdə sərhəd mühafizə xidmətini təşkil etməyə hazır olması məruzə olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev 2 mərtəbəli 200 yerlik yeni əsgər yataqxanasına, əsaslı təmir edilmiş 2 mərtəbəli qərargah binasına, komendantlığa məxsus texnikaya, zabit və gizir heyəti üçün yeni tikilən 2 mərtəbəli yaşayış binasına, hamam-camaşırxanaya baxmış, habelə silah-sursat, əşya-geyim, ərzaq-yem, məzil-istismar avadanlıqları, avtomobil avadanlıqları, yanacaq-sürtkü materialları və digər anbarlardan ibarət texniki binalarla tanış olmuşdur.

Məlumat verilmişdir ki, yaşayış binası 24 mənzillidir. Mebel dəstləri və lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillərin altısı ikiotaqlı, digərləri isə birotaqlıdır. Yaşayış binasının həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, iki istirahət köşkü qurulmuşdur. Sərhədçi ailələri yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

Sərhəd komendantlığı kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev əsgərlərlə birlikdə nahar etmişdir.

f tw