15.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sərhədçi idmançılar  Azərbaycan yığma

koman­dasına qızıl medallar qazan­dırmışlar

 

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan Respub­likasının beynəlxalq nüfuzunun, inkişaf səviyyəsinin, xüsusilə iqtisadi imkanlarının göstəricisidir. Bu mötəbər oyunların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı, Azərbay­canda Olimpiya hərəkatına verdiyi dəstək sayəsində mümkün olmuşdur. 

Dövlət Sərhəd Xidməti də ölkəmizin idman həyatında yaxından iştirak edir. 2009-cu ilin avqust ayının 31-də açılış mərasimində Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi ən yuksək standartlara cavab verən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin istifadəyə verilməsi Respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan olmuşdur.

Ölkəmizdə böyük təntənə ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında  idmançılarımızın qazandıqları qələbələrə bütün xalqımız kimi, Azərbaycan Respublikasının dövlət sərhədlərini mühafizə edən qəhrəman sərhədçilər də ürəkdən sevinirlər. Bu günlərdə sərhəd təhlükəsizliyinin təmin olunmasının nə qədər əhəmiyyətli olduğunu dərk edən sərhədçilərimiz ikiqat məsuliyyətlə xidmət apa­rır, sərhədlərimizdə sabitliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanırlar. Xüsusilə sərhədçi idmançıların uğurlu çıxışı bütün sərhədçiləri ruhlandırır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir.

Ölkə idmanına daima öz layiqli töhfələrini verən sərhədçi idmançılar IV İslam Həmrəyliyi Oyunlarına da qələbələrlə başlamışlar. Azərbaycan yığma koman­dasının tərkibində oyunlara qatılan “Sərhədçi” idman klubunun üzvləri artıq 3 qızıl medal qazanmışlar. Belə ki, mayın 13-də cüdo yarışlarında 66 kiloqramda çıxış edən baş leytenant Nicat Şıxəlizadə Əlcəzair idmançısı Houd Zourdani üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdur. Karate yarışlarında  61 kiloqramda mübarizə aparan leytenant Fəridə Abıyeva finalda İran idmançısı Rozita Əlipurkaşkalesadiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. 70 kiloqramda yarışan paracüdoçumuz gizir Ramilə Kaştayeva digər idmançımız Turanə Ağayeva üzərində qələbə qazanaraq Azərbaycan yığmasına növbəti qızıl medalı qazandırmışdır.

 “Sərhədçi” idman klubunun oyunlarda iştirak edən digər üzvlərindən də parlaq qələbə xəbərləri gözləyirik.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80