03.03.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən mütəmadi olaraq kimsəsiz uşaqların dünyagörüşünün artırılmasına, onların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə müsbət təsir göstərən xeyriyyəçilik tədbirləri həyata keçirilir, uşaqlar üçün mütəmadi olaraq şənliklər təşkil edilir, onlar Bakı Dövlət Sirkində, müxtəlif mədəniyyət ocaqlarında təşkil edilmiş tamaşalara və konsertlərə aparılırlar.

Bakı şəhər Xəzər rayonu ərazisində yerləşən valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi ilə Dövlət Sərhəd Xidmətinin çoxillik əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq və əlaqələrin nəticəsidir ki, məktəbi bitirən kimsəsiz uşaqlar Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrində xidmətə qəbul edilirlər. İnternat məktəbində ixtisaslaşmış musiqi bilikləri alan, məktəbdə fəaliyyət göstərən kiçik nəfəsli alətlər orkestrinin tərkibində təcrübə qazanan gənclər hərbi orkestrin tərkibində peşəkarlara çevrilir, dövlət sərhədlərimizin mühafizəsini şərəflə qoruyan hərbi qulluqçular qarşısında vətənpərvərlik mahnılarını, xalq musiqilərini, müasir bəstəkarların əsərlərini ustalıqla ifa edirlər.

Mart ayının 2-də Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və "Sərhədçi" vokal-instrumental ansamblı 2 nömrəli ümumi orta internat məktəbinin müəllim və şagird kollektivi qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertdən sonra Dövlət Sərhəd Xidmətində xidmət edən məktəbin məzunları şagirdlərlə söhbətlər aparmış, sərhədlərimizin mühafizə olunmasının əhəmiy­yətindən, hərbi orkestrdə yaradılmış şəraitdən danışmışlar.

Tədbirin sonunda şagirdlərə hədiyyələr təqdim olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80