15.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14 fevral 2017-ci il tarixdə saat 15:10 radələrində Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilmişdir.

Sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmamış, silahlı müqavimət göstərərək qaçmağa cəhd etmişdir. Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq etmiş və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalamışlar. İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilmiş və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi