+
-
18.01.2017
18.01.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 27-ci ildönü­mü­ ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhid­lərin əziz xatirəsi dərin ehtiramla yad edilir.

18 yanvar 2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti Aparatında anım mərasimi keçirilmişdir. Öncə tədbir iştirakçıları faciənin ildönümü müna­si­­bəti ilə hazırlanmış sərgiyə tamaşa etmişlər.

Tədbirlərin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə milli-azadlıq mübarizəsini daha da gücləndirmişdir. Qanlı faciədən dərhal sonra  Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayən­dəliyinə gələrək bəyanat ver­məsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulan­mışdır.

Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilmişdir. Ulu Öndər 20 yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar  ümumxalq hüzn günü elan olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirə­sinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin güclən­dirilməsi və onlara dövlət qayğısının daha da artırıl­ması məqsədilə mühüm qərarların qəbul olunması barədə ətraflı məlumat verilmişdir.  

Tədbirin sonunda 20 yanvara həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw