09.12.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi bilik və vərdişlərin, sərhədçi peşəsinin sirlərinin dərindən öyrədilməsi ilə yanaşı, kursantların Vətənə hədsiz məhəbbət, xalqımızın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Ulu Öndər Heydər Əliyevin dediyi "Mən arzu еdirəm ki, hər bir sərhədçi yüksək mənəviyyatlı bir insan olsun" sözlərinin tərbiyə prosesinin əsas vəzifəsi kimi qəbul edildiyi akade­miyada mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir, ölkəmizin tanınmış ziyalıları ilə görüşlər təşkil edilir, kursantlar muzeyləri, müxtəlif mədəniyyət ocaqlarını ziyarət edir, teatr tamaşalarına, sərgi və konsertlərə aparılırlar. Belə tədbirlər kursantların dünyagörüşünün genişlən­mə­sin­də, onların estetik zövqünün formalaş­masında, azərbaycançılıq ideya­larına sadiq, mədəniyyət və incəsənətimizə bələd olan yüksək mənəviyyatlı zabitlər kimi yetişməsində mühüm rol oynayır.

8 dekabr 2016-cı il tarixdə  xalq şairi Nəriman Həsənzadə ilə keçirilən görüş gələcəyin sərhədçi zabitləri tərəfindən maraqla qarşılanmışdır. Şairin anadan olmasının 85 illiyi münasibəti ilə keçirilən tədbirdə akademiyanın rəisi general-mayor Elşən Verdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının prorektoru, tarix elmləri doktoru, professor Musa Quluzadə çıxış edərək şairin həyat və yaradıcılığı barədə geniş məlumat vermişlər. Vaxtı ilə şairin tələbəsi olmuş, hazırda akademiyada tarix müəllimi işləyən Tahir Bayramov N.Həsənzadənin pedaqoji fəaliyyəti barədə danışmış, şairə həsr etdiyi şeirini söyləmişdir. Akademiyanın kursantları şairin şeirlərindən nümunələr səsləndirmişlər.

Görüşdə xalq şairi Nəriman Həsənzadə çıxış edərək Vətən sərhəd­lərinin keşiyində durmağın hər bir Azərbaycan övladının ən ümdə vəzifəsi olduğunu bildirmiş, gənclərə tövsiyələr vermiş, akademiyanın müəllim və kursant heyətinə təhsildə və şəxsi həyatda uğurlar arzulamışdır.

 

                                              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80