27.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev oktyabr ayının 27-də Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbulu, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, sərhədçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Müraciət, şikayət və təkliflərinin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunmuşdur. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilmişdir. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

 

                 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi