11.10.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə İtaliya Respublikasnın Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin rəisi prefekt Rodolfo Rankoninin rəhbərlik etdiyi nümayəndə heyəti 9–11 oktyabr 2012-ci il tarixdə Azərbaycanda  səfərdə olmuşlar.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmə­ti­nin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul olunmuşdur.

Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmiş, qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektiv­ləri, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsinin və «Sərhədçi» İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Səfər müddətində nümayəndə heyəti Azərbaycan Respub­lika­sının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi  tərəfindən qəbul edilmişdir.