15.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 11-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqil­liyinin bərpаsının iyirmi beşinci ildönümü haqqında" Sərən­camına   əsasən Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir. Tədbirlərdə şəxsi heyətə xalqımızın müstəqillik və dövlətçilik ənənələri haqqında məlumatlar verilir, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətləri minnətdarlıq hissi ilə qeyd edilir, Аzər­bаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin uğurlu siyasəti nəticəsində qazanılmış nailiyyətlər barədə ətraflı söhbətlər aparılır, maraqlı konsert proqramları nümayiş olunur, bayram süfrələri açılır.

 

Oktyabr  ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçi­rilən təntənəli tədbirdə müstəqilliyimizin əbədiliyinin və dönməzli­yinin təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən ətraflı danışılmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə DSX Sahil Mühafizəsinin yaradılması ölkəmizin dəniz sərhədlərinin mühafi­zəsinin yeni mərhələyə yüksəldiyi qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2008-ci ilin noyabr ayının 8-də DSX Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ilin iyul ayının 18-də DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışlarında iştirak etməsi, 2015-ci ilin sentyabr ayının 7-də və 2016-cı ilin iyun ayının 13-də Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunmuş sərhəd gözətçi gəmiləri ilə tanış olması qürur hissi ilə qeyd edilmişdir. Müstəqilliyimizin ilk illərində texniki imkansız­lıqlara görə dəniz sərhədlərimizin mühafizəsini böyük çətinliklərlə təşkil edən DSX Sahil Mühafizəsinin keçən ildən etibarən özünün sərhəd gözətçi gəmiləri inşa etməsi müstəqilliyin xalqımıza bəxş etdiyi uğurlara parlaq bir nümunə kimi iftixarla vurğulanmışdır.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirdə müstəqilliyimizin əsas atributlarından biri olan dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində həyata keçirilmiş böyük quruculuq işlərindən danışılmış, sərhəd mühafizə infrastruk­turunun uğurla tək­mil­ləş­dirilmə­si, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şərai­ti­­nin yaxşılaşdırılması, maddi-tex­niki bazanın möhkəmləndirilmə­si, yeni si­lah-sursat, texnika və vasitələrin alınaraq xid­mətdə tətbiqinin müvəffə­qiy­yətlə həyata keçirilməsi, Vətən sərhədlərinin toxunulmaz­lığının yüksək səviyyədə təmin edilməsi müstəqillik illərinin uğurları sırasında xüsusi vurğulanmışdır.

Azərbaycan Rеspublika­sının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin 2010-cu ilin avqust ayının 10-da DSX Akadеmiya komplеksinin açılış mərasimində iştirak еtməsi­nin qürur hissi ilə xatırlandığı tədbirdə bildirilmişdir ki, hərbi təhsil müəssisəsində vətən­pər­vər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüv­vələrin Ali Baş Koman­danına sadiq, savadı və intizamı ilə se­çilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pe­daqoji poten­sial və maddi-texniki baza formalaşdırılmışdır. Son illər ərzində DSX Aka­demiyası təkcə Azərbaycan sər­həd­lərinin deyil, həm də xa­ri­ci döv­lət­lərin ölkə hüdudlarının müha­fizəsi üçün ixtisaslı mütə­xəs­­sislər hazırlayan beynəlxalq tədris mərkə­zinə çevrilməkdədir.

Akademiyanı bitirmiş yüzlərlə gənc zabitin hazırda Vətənimizin sərhədlərinin mühafizəsində peşəkarlıq nümayiş etdirməsi tədbirdə məmnun­luqla qeyd olunmuşdur.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80