+
-
14.09.2016
14.09.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy­yəsinin və qaçaqmalçılığın qarşısının alınması, Xəzər dənizinin Azərbaycan Respub­likasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahə­dən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdiril­mişdir.

Belə ki, 08 sentyabr 2016-cı il tarixdə saat 23:00 radələrində Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanmışlar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyən­ləşdirilərək saxla­nıl­mışdır.

09 sentyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfin­dən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazi­sində həyata keçirilən tədbir­lər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanıl­mışlar. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstər­ən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanmışlar. 

Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama­da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw