+
-
11.08.2016
11.08.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ulu Öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsi mükəmməl inkişaf yolu keçmişdir.

Dövlət Sərhəd Xidməti Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığını yüksək səviyyədə təmin etməklə yanaşı ölkəmizdə sərhəd mühafizə infrastruk­turunun təkmilləşdirilməsi, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir. Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş «Laza» sərhəd zastavası kompleksi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti nəticələrindən biri olmuşdur.

Avqust ayının 10-də Azərbaycan Respublikasının Prerzidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində «Laza» sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prerzidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi sərhəd zastava kompleksində qarşılayaraq raport vermişdir.

Cənab Ali Baş Komandana Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərən və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən sərhəd zastavasının mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhəd­lərimizin mühafizəsinin təşkili barədə məlumat verilmişdir. Dövlət Sərhədinin dağlıq ərazisində və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr və müasir avadanlıqlar nümayiş etdirilmiş, xidmətdə istifadə olunan yeni silahlar təqdim olunmuşdur.  

Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün şərait yaradıl­mış, müasir tələblərə cavab verən əsgər yataqxanası, əsgər yeməkxanası, isti­rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradıl­mışdır. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluq­çu­ların ailələri üçün 22 mənzilli yaşayış binası inşa olunmuş, yol və səkilər asfaltlanmış, ərazidə abadlaşdırma işləri görülmüş, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilmişdir.

Vətəninə, dövlətinə və Prezidentinə sadiqliyi ilə seçilən Azərbaycan sərhədçiləri sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsinə daim hazır olduqlarını bir daha nümayiş etdirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw